Cənubi Koreyada ICO qadağası aradan qaldırılır

13 Mart 2018

Yerli xəbər qaynaqlarının məlumatına görə, Cənubi Koreya dövlət rəsmilərinə tətbiq olunan ICO qadağası növbəti aylarda aradan qaldırılacaq.

Cənubi Koreyada fəaliyyətini davam etdirən tənzimləyici quruluş Maliyyə Xidmətləri Komissiyasının ötən ilin sentyabr ayında ICO-ları qadağan edən addımını sizə xəbər vermişdik. Ölkənin xəbər agentliyi “Korea Times”-ın məlumatına görə, bu qadağanın gələcəkdə qismən aradan qaldırılacağı gözlənilir.

Məsələ ilə bağlı mətbu orqanlardan aşağıdakı açıqlamalar verilib:

“Maliyyə rəsmiləri uzun müddətdir ölkənin vergi idarəsi, ədliyyə nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə ICO-ları müzakirə edir. Buna görə, müəyyən şərtlərə cavab verən ICO-lara icazə verilməsi planlaşdırılır”.

Qadağaya baxmayaraq, Cənubi Koreyada əksər kriptovalyuta istifadəçisi beynəlxalq miqyasda təşkil edilən ICO-larda iştirak edir. Maliyyə Xidmətləri Komissiyasında kriptovalyuta əməliyyatlarına nəzət edən şəxs olan Kanq Yunq-su ICO-larla əlaqədar şərh verməkdən yayınsa da, qurumun ICO-lara qarşı obyektiv tərzdə yanaşmasına işarə edib.

Bundan əlavə, Yunq-su dövlətin Blockchain texnologiyası ilə müəyyən məsafə saxlamasına ehtiyac duyur. Onun fikrincə, dövlət Blockchain texnologiyasından istifadə edərək kriptovalyuta əməliyyatlarına nəzarət etmək üçün mövcud infrastrukturdan daha yaxşısını yaratmaq istəyir. Kriptovalyutaları tənzimləmək mövzusu ilə əlaqədar indiyə qədər yaşanan hadisələr nəzərə alınsa, belə bir tənzimləmə edilməsinin heç də asan olmayacağını söyləmək olar.

Hal-hazırda qüvvədə olan qaydalara görə, ölkə xaricində olan istifadəçilərin Cənubi Koreya sərhədləri içərisində fəaliyyət göstərən birjalarda kriptovalyuta əməliyyatı etmələrinə icazə verilmir. Bu tənzimləmənin məqsədi çirkli pulların yuyulması və digər transsərhəd cinayətlərin qarşısının alınmasıdır.

Məlumatlara görə, Cənubi Koreya rəsmiləri kriptovalyutalara istiqamətlənən ortaq bir tənzimləyici sistem yaratmaq üçün Yaponiya və Çində görüşlər həyata keçirirlər. Nəticə etibarı ilə bu danışıqlardan ortaq bir qayda meydana gələcəyi gözlənilir.

Kateqoriya : Kriptovalyutalar
Etiketlər : , ,


Qeyd:
Saytımızda yayımlanan xəbərlər məsləhət xarakterli deyil, məlumat xarakterlidir. Yaranacaq neqativ hallara görə Kripto.az rəhbərliyi məsuliyyət daşımır. Saytımızdan xəbər götürülən zaman keçid linki ilə istinad olunması mütləqdir.